ABŞ Qüdsdəki hücumda beş vətəndaşının yaralandığını bildirib

ABŞ bazar günü Qüdsdə silahlı hücumda yaralananların beşinin ölkə vətəndaşı olduğunu bildirib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibliyi bəyanat verib.

"Birləşmiş Ştatlar azı 5-i Amerika vətəndaşı olmaqla, ən azı 8 nəfərin yaralandığı bu terror əməliyyatını pisləyir. Yaralıların hamısına tezliklə şəfa diləyirik", - deyə bəyanatda əlavə edilib.

Bəyanata görə, Vaşinqton bu hücumla bağlı İsrail hökuməti nümayəndələri və atışma nəticəsində amerikalı yaralıların ailələri ilə sıx əlaqədədir.

Qeyd edək ki, bazar günü səhər saatlarında biri Qüdsün Qədimi Şəhərində Əl-Buraq Divarı yaxınlığında avtobusda olmaqla, iki ayrı yerdə açılan atəş nəticəsində 10 nəfər yaralanıb.

Tibbi mənbələrə görə, yaralananlardan ikisi ağır, qalanları isə orta ağır yaralanıb.

Bu hücum Misirin vasitəçiliyi ilə atəşkəs razılaşmasının əldə olunmasından əvvəl Qəzza zolağında 44 nəfərin ölümünə səbəb olan İsrail və İslami Cihad hərəkatı arasında gedən mübaribədən təxminən bir həftə sonra baş verir.