ABŞ MAQATE sədrinin İran səfərinin nəticəsiz qalmasına görə xəbərdarlıq edib

ABŞ Beynəlxalq Atom Enerjisi Agentliyində İrana qarşı təcili toplantı keçirəcəyilə bağlı təhdid edib.

SalamNews BBC-ə istinadla xəbər verir ki, ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyində olan nümayəndəliyi Rafael Qrossinin İran səfərinin nəticəsiz qalması, İranda bəzi obyektlərə nəzarətin təmin edilməməsilə bağlı qarşı tərəfi təhdid edib və BAEA-nin Nəzarətçilər Şurasında məsələ qaldıracağını bildirib.

Qeyd edək ki, BAEA-nin sədri Rafael Qrossi İrana rəsmi səfəri çərçivəsində ilk görüşünü bu ölkənin Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami ilə, ikinci görüşünü isə XİN rəhbəri Hüseyn Əmir-Abdullahiyanla həyata keçirib. O İran səfərində istənilən nəticənin əldə edilmədiyini deyib. Bundan öncə BAEA-nin sədri Kərəc şəhərində olan bir obyektdə agentliyin kameralarının quraşdırılması və onların çəkdiyi görüntülərin verilməməsi ilə bağlı rəsmi Tehrana tənqidlər ünvanlamışdı. İran isə bu obyektin razılaşmaya aid olmadığını bildirib.

Qeyd edək ki, tərəflər cari ayın sonunda Avropada nüvə sazişinin bərpası ilə bağlı danışıqlara başlayacaqlar. Bu danışıqlar İran və 4+1 dövlətləri, eləcə də vasitə ilə ABŞ arasında keçiriləcək.