ABŞ İraqın İsraillə əlaqələri qadağan etməklə bağlı qərarını tənqid edib

ABŞ Dövlət Katibliyi İraq Parlamentinin İsraillə əlaqələri normallaşdırmaqla bağlı qadağa qərarını tənqid edib.

Operativ.tv SalamNews, xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibliyinin mətbuat katibi Ned Prays bəyanat verib.

ABŞ rəsmisi İraq Parlamentinin İsraillə əlaqələri rəsmiləşdirməyi qadağan etməsindən dərin narahatlığını ifadə edib.

“ABŞ İraq Parlamentinin İsraillə əlaqələri yaratmağı cinayət hesab edən qanun layihəsindən dərin narahatlığını ifadə edir. Bu qərar söz azadlığını da təhlükə altına atır və antisemitizm atmosferinin formalaşmasına yardım edir. Həmçinin bu qərar İraqın qonşularının İsraillə əlaqələrdə körpülər qurması və bütün region xalqları üçün fürsətlərin yaranmasının qarşısını alır”, deyə ABŞ Dövlət Katibliyinin sözçüsü əlavə edib.

Bildirək ki, İraq Parlamentinin səsə qoyduğu və qəbul etdiyi qanun layihəsi İsraillə münasibətləri normallaşdırmağı qadağan etməklə yanaşı bu istiqamətdə atılacaq addımların da cinayət xarakterli olmasını ehtiva edir.

Qeyd edək ki, indiyədək yalnız altı ərəb dövləti İsraillə münasibətləri normallaşdırb. Sonuncu dəfə Donald Tramp Administrasiyasının dövründə BƏƏ, Bəhreyn, Mərakeş və Sudan İsraillə münasibətləri normallaşdırıblar. İraq kimi Küveyt və Əlcəzair Parlamentləri də İsraillə münasibətləri normallaşdırmağı qadağan edən qanun layihəsi üzərində işləyir.