ABŞ-ın ilk hərbi yardımı artıq Ukraynaya çatıb

ABŞ səfirliyinin mətbuat xidməti xəbər verir ki, təxminən 90 tona yaxın silah və sursatdan ibarət ABŞ hərbi yardımının ilk partiyası artıq Ukraynaya çatıb.

“Bu yardım, habelə Ukraynana 2014-cü ildən bəri verilən 2.7 milyard dollarlıq təhlükəsizlik yardımı Rusiyanın artan təcavüzü fonunda ABŞ-ın Ukraynanın müdafiəsini gücləndirməyə sadiqliyini nümayiş etdirir,” ABŞ səfirliyindən bildirilib.

Bundan öncə ABŞ Baltikyanı ölkələrə Ukraynaya Javelin və Stinger komplekslərini göndərməyə icazə verib.

Estoniya tank əleyhinə Javelin raketlərini, Latviya ilə Litva isə Stinger zenit raketlərini və Ukraynanın hərbi-müdafiə imkanlarını gücləndirmək üçün müvafiq avadanlıqlar göndərəcək.

Almaniya müdafiə məqsədilə Ukraynaya sahə xəstəxanası göndərməyə qərar verib. Eyni zamanda isə Ukraynanın tibbi personalı üçün təlim bazası yaradılacaq. Bu barədə açıqlama verən Almaniya hazırda Berlinin Ukraynanı silahla təmin etmədiyini vurğulayıb.

Qərb ölkələri, ABŞ və Avropa Rusiyanın Ukrayna sərhədində qüvvə toplaması səbəbilə mümkün müdaxiləsi ilə bağlı narahatlıqlar fonunda son aylarda Ukraynaya dəstəklərini ifadə ediblər.

Rusiya dəfələrdlə Ukraynaya hərbi yardımın dayandırılmasına çağırıb, çünki, Kremlin bildirdiyinə görə, bu, Kyivi Donbasın separatçıların nəzartində olan ərazilərini öz nəzarətinə qaytarmağa cəhd etməyə təşviq edə bilər. Bundan öncə Moskva Ukraynaya Böyük Britaniyadan tank əleyhinə silahların yerləşdirilməsini sərt tənqid etmişdi.

 

Amerikanın səsi