ABŞ dövlət katibi və İsrailin baş naziri İranla nüvə sazişi üzrə danışıqların gedişini müzakirə ediblər

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ dövlət katibi Entoni Blinken və İsrailin baş naziri Naftali Bennet ötən gün regional təhlükəsizlik məsələlərini və Vyanada İranla nüvə sazişi üzrə məsləhətləşmələrin gedişatını müzakirə ediblər.   Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın ötən gün yaydığı yazılı bəyanatda deyilir.   Məlumata əsasən, Blinken və Bennett ABŞ və İsrail arasında güclü tərəfdaşlığı təsdiqləyiblər və İran da daxil olmaqla, regionda təhlükəsizliklə bağlı məsələləri, İranın nüvə proqramı ilə bağlı Vyanada davam edən danışıqları, eləcə də koronavirusla bağlı qlobal çağırışları müzakirə ediblər.   Prays deyib ki, dövlət katibi İsrail və Fələstin Administrasiyasının gərginliyin artmasına səbəb olan və məskunlaşma fəaliyyətini artırmaq da daxil olmaqla, iki dövlətli həllə nail olmaq səylərinə zərbə vuran birtərəfli addımlardan çəkinməli oldunmasını vurğulayıb.   Xatırladaq ki, dekabrın 2-də ABŞ administrasiyası İsrail rəhbərliyinin İranla nüvə sazişi üzrə danışıqları dayandırmaq çağırışını faktiki olaraq rədd etdi. Ağ Evin sözçüsü Cen Psaki müntəzəm brifinqdə ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) "qarşılıqlı tam əməl etməyə qayıtmaq" üçün gələcək diplomatik səyləri dəstəklədiyini bildirib. O, İranla məsləhətləşmələri dərhal dayandırmağa çağıran Bennetin bəyanatlarını şərh edib, çünki  onun fikrincə Tehran danışıqlar taktikası kimi "nüvə şantajından" istifadə edir.