Abbas Hüseyn şəhidlərdən yazdı

Müsəlman Birliyi Hərəkatının üzvü, siyasi məhbus Abbas Hüseyn həbsxanadan şəhid olan Azərbaycan zabitləri və əsgərləri ilə bağlı məktub ünvanlayıb.

 

Operativ.tv Abbas Hüseynin fikirlərini olduğu kimi təqdim edir:

"Şəhid Mürtəza Mütəhhəri buyurub ki, şəhidin qanı yerə tökülmür, cəmiyyətin damarlarına köçürülür. Sərhədlərimizdə baş verən erməni təxribatına qarşı xalqımızın reaksiyası bunu bir daha sübut etdi. Minlərlə insan meydanlara çıxdı ki, uzun illərdir işğalda qalan torpaqlarımıza sahib çıxsın, azadlığı üçün canlarını verib düşmənin qanını töksün, şəhid qardaşların məqsədlərini tamamlasın, şəhid analarının qəlblərinə su səpsinlər. İnsanların meydana çıxması bunu göstərir ki, onlar "bir santimetr torpağımız belə ermənilərdə qalmamalıdır" iradəsinə sahibdirlər. Hər zaman xalqımız öz ordusuna və əsgərinə dəstək olub. Çünki bu xalqın bir vətəni, bir dövləti və bir bayrağı var. Bəli, xalqımız vətən üçün can verməyə cümlə hazırdır, vətən üçün qan tökməyə cümlə qadirdir. Bu ölkənin mübariz əsgərləri şəhid olub, amma 10 milyon mübariz əsgəri var. Torpaqlarımız işğaldan yalnız xalqın iradəsiylə azad ola bilər.

 

Allahdan vətənimiz uğrunda şəhadət mərtəbəsinə yüksələn qardaşlarımıza rəhmət diləyir, ailələrinə baş sağlığı verirəm. Şəhidlər ölməzdirlər. Hər zaman qəlbimizdə yaşayacaqlar.

 

Abbas Hüseyn

17.07.2020

Qobustan qapalı tipli həbsxanası"