Abbas Hüseyn: "Onlar uydurma ittihamlarla mühakimə olunurlar"

Abbas Hüseyn həbsxanadan Operativ.tv-yə məktub ünvanlayıb. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
Dünyanın hər yerində həbs olunan və saxlanılan şəxslər etdikləri cinayətlərin cəzasını çəkirlər, lakin bizim ölkəmizdə cəzalar edilən cinayətə görə verilmir. Ələxsus da, ölkənin ictimai fəalları həbs olunan zaman. Onlar uydurma ittihamlarla mühakimə olunurlar. Təəssüf ki, bu gün ölkəmizdə insanların şərlənməsi adi hal alıb. Əgər xarici ölkələrdə həbs olunan insanlar etdikləri cinayətə görə saxlanılırsa, bizdə haqdan danışan da, İslami şeirlər, mərsiyələr oxuyan da həbs olunur. Ölkəmizi idarə edən qüvvələrin fikrinə görə, onların yazılmamış qanunlarına əsasən, haqdan, ədalətdən danışmaq, dini şeirler yazmaq, mərsiyələr oxumaq cinayət sayılır. Heç bir ölkəyə bağlı olmadan, heç kəsə yaltaqlıq etmədən vətənini, dinini, dövlətini və dəyərləri sevmək hər bir inanclı kəsin borcudur. Buna görə də,bu cür işləri görən şəxslər əsassız ittihamlarla həbs olunurlar.
Əsrlərdir yaşatdığımız əza məclislərində rovzə, mərsiyə oxuyan qardaşlarımız da belə ittihamlara tuş gəliblər. Bir günahsız insanı həbs etməkdən qəlbləri soyumadan, başqa bir tanıdığımız qardaşımın həbs olunduğunu eşitdik. Dəyərli Əhli-beyt (ə) şairi Kamran Fəratın həbsinin səbəbi bütün ictimaiyyətə bəllidir. Bu insanın hər zaman yazdığı, oxuduğu şeirlərdə dəyərlərdən, Əhli-beytə (ə) olan sevgidən, vətəni sevməkdən, şəhidlərdən, birlikdən və vəhdətdən bəhs olunur. Mənəviyyatsızlığın tüğyan etdiyi bir zamanda bu işlərin təbliği, maarifləndirmə işini görən insanların olması çox gözəldir. Nə yazıq ki, vətənpərvərlik ruhiyyəsində mərsiyə deyən belə şəxslər həbs edilir. Bu cür hallara görə, hər il insan haqları təşkilatları dindarlara edilən təzyiqlərdən, söz azadlığının məhdudiyyətindən, tənqid edənlərin həbsindən yazır. Görəsən, belə işlər kimə nə xeyir gətirir? Ölkənin imicini korlamaq kimlərə lazımdır? Həmin şəxslər düşünmürlər ki, bu əməllər dövlətimizə qarşı təhlükəyə səbəb olur? İndi bu halda kimdir müqəssir? Bəlkə bu barədə bir daha fikirləşəsiz, cənablar.

Məzlumların haqqını qorumaq ümidi ilə

Abbas Hüseyn
8 saylı cəzaçəkmə müəssisəsi