Abbas Hüseyn məhbəsdən yazır: "Bütövləşmək, birləşmək zamanıdır!"

Qobustan həbsxanasında saxlanılan Nardaran məhbusu Abbas Hüseynov Rakurs TV-ə yazı göndərib. Yazını olduğu kimi təqdim edirik: 

"Qapalı həbsxanadan açıq zindan əhlinə salamlar olsun!

Əziz Azərbaycan xalqı, dəyərli dostlar! Zülm, haqsızlıq qarşısında susmaq inanclı bir kəsin əqidəsinə zidddir. O səbəbdən haqsızlıqla mübarizə ilk öncə dindarların borcudur. Cəmiyyətdə baş verənlərə biganə qalmamaq həm də vətəndaş olaraq boynumuzda haqdır. Hər bir ayıq insanın apardığı mübarizə susqun qalmış insanların vicdanını oyadır. 

Düzdür, mübariz insanlar ağır imtahanlarla üzləşirlər, təhdidlərə, işgəncələrə, həbslərə məruz qalırlar. Qanunsuzluqlar, zorakılıqlar çox təhlükəli hal almağa başlayıb. Ancaq ən acınacaqlısı budur ki, insan övladı bunu görüb bildiyi halda susur. Beləliklə zalım öz zülmünü artırır və əməllərindən həzz alır. Və belə halda mömin insan susarsa, o zaman Allaha bəndəlik cərgəsində yox, zalıma köləlik sırasında olar. Haqq tərəfdarlarının getdiyi yolun çətinliyi ilə yanaşı, insanı özünə bağlayan füsunkar gözəlliyi də var. Bir halda ki başına gələnlər bir toplumun tapdalanmış haqqını müdafiə etdiyin üçün olub. Tək mənəvi cəhətdən yox, insanları tanımaq baxımından da. Möhkəmini, səbirlisini, sadiqini, vəfasızını...

Allah mübarək Qurani-Kərimdə haqqı tanıyan,görən kəslərə, alimlərə deyir ki, "mütləq gərək Onun həqiqətlərini insanlara açıqlayasız və gizlətməyəsiz!(3/187)"

Bəzi əzizlər düşünə bilərlər ki, "bu bir siyasətdir və mən siyasətə qarışmıram". Bu, səhv düşüncədir. Dini ayinlərə əməl etmək vacib olduğu kimi, ictimai məsələlərdə də fəallıq vacibdir. Düşmən həmişə öz çirkinliyinə don geyindirməyə çalışar. Unutmayaq ki, düşmən də şeytan kimi hiyləgərdir. Buna görə möminlər ayıq olub, xalqın ayıqlığını təmin etməlidirlər. Göstərdiyi səylər nəticə verməsə belə səbirlə vəzifəsinə əməl etmək haqpərəst insanın borcudur və son ana qədər məsuliyyət daşıyır. Əgər bizlər bu gün xalqın təbii haqlarını, dəyərlərini qoruya bilməyib, baş verənlərə seyirçi qalarıqsa, o zaman hansı üzlə İmam Zaman ağanın zühurunu arzulayarıq? İmamın intizarında olan mömin öz zəmanəsinin gedişatından xəbərdar olmalıdır. 

Allah bütün mələklərini bəndələrinə xidmətçi etdiyi halda, bu gün xalq kölələşdirilib. Göründüyü kimi ölkədə vəziyyət əvvəlki illərdən qat-qat acınacaqlı, təhlükəli və narahatedicidir. Əgər bütün bunlara qarşı mübarizə aparılmasa,gələcək nəsillərə ilahi dəyərlər necə çatdırılacaq? Mübarizə olmasa, onlara köləliyi, hürriyyətsiz sabahları miras qoymuş olacağıq. Və məhz bu səbəbdən bütövləşmək, birləşmək zamanıdır! Biz laqeyidlik göstərib, öz təhlükəsizliyimizi düşünsək, zülm əhlindən daha zalım olarıq!

Abbas Hüseyn
Qobustan həbsxanası"