Abbas Hüseyn: "Haqqımızda yanlış düşünənlər, mənim yazıma da, öz düşüncələrinizə də diqqət edin"

Haqqımızda yanlış düşünənlər, mənim yazıma da, düşüncələrinizə də diqqət edin. Müsəlman birinin haqqına girməyin. Öz fərziyyələrinizlə cəmiyyəti də yanlışa sürükləməyin. Mən islam dövlətinin ali dini lideri və rəhbərinə qarşı çıxmamışam. İran dövlətinin bu günki siyasi-iqtisadi marağı üçün Ermənistanla yanlış əlaqələrinə bir müsəlman və milli vətəndaş kimi öz iradımı bildirmişəm.
Mənə etiraz edənlərin çoxu bəlkə yazımı heç açıb oxumayıb. Yazımda islam dövlətinin bizə yardım etmədiyinə dair bir söz də yazmamışam.
Bu faktdır ki, həm rəsmi olaraq dövlət, həm də xalq tərəfdən birinci Qarabağ müharibəsindən bu günə kimi yardımları olub. Mənə irad edənlər, yazını diqqətlə oxusaz görərsiz ki, mən başqa bir xətt üstündə dayanmışam. Dayandığım xətt də, bu günlərdə ermənilərlə İranın ticarət (yanacaq göndərmək) əlaqələridir, sizlərin mənim ailəm vasitəsi ilə göndərdiyiniz iradların fərziyyələri yox.
Bu iradım da haqlı olaraq, həm müsəlmançılıq borcuma görə, həm də ölkənin vətəndaşı olmağım məsuliyyətindən irəli gəlir. Doğru iş tutmayanlara da irad bildirmək azad olan insanların, müsəlmanın haqqıdır.
Məndən ədalətli olmağımı istəyib fakt tələb edənlər, mən sizdən fərqli olaraq, illuziyalardan və şayiələrdən kənaram.
İranın ölkəmizdəki səfiri, rəsmi şəxs özü etiraf edir ki, yanacaq daşıyanlar olub. Onlar həmin dövlətin özəl şirkətləridir. Mən də bu cür işlərin qarşısını almağa dair iradımı mədəni formada bildirmişəm. Bu faktdan sonra bir dəstə insanın da özünü Papadan da artıq katolik kimi göstərməyinə ehtiyac yoxdur. Allah alimlərimizə bəsirət, dindarlarımıza savad, cəmiyyətimizə də düşünmək nəsib etsin.
Abbas Hüseyn.