Abbas Hüseyn 14 gün “Tub Zon”da qalacaq

Ötən gün sizə Abbas Hüseynin Pentesiar Xidmətin Vərəm Əleyhinə Müalicə Mərkəzinə köçürülməsi haqqında məlumat vermişdirk. Bu məlumatdan az sonra Abbas Hüseynin özünün də hadisə ilə bağlı səs yazısı yayıldı. O, Mərkəzi Müalicə Müəssisəsindən “Tub Zon”a  köçürülməsi və burada ona qarşı qeyri-insani davranışdan danışaraq mövcud vəziyyətə etirazını bildirmişdi. Bu gün isə Abbas Hüseynə məxsus rəsmi facebook səhifəsi siyasi məhbusun durumundan yazıb:

“Siyasi məhbus Abbas Hüseyn ailəsi ilə əlaqə saxlayaraq, hələ də bərbad şəraitdə saxlanıldığını, gələndən heç bir müalicənin aparılmadığını bildirib. Abbasa verilən məlumata görə guya onun covid testi "pozitiv" çıxıb, 14 gün "Tub zonda" qalmalıdır. Abbasda isə nə qızdırma, nə də öskürmə əlamətləri yoxdur. Sual yaranır ki, lap korona olsa belə Abbası niyə Mərkəzi Müalicə Müəssisəsinə yox, "Tubzona" aparırlar?”

Haqlı olaraq Abbas Hüseynin durumundan narahat olan ailə üzvüləri və bir neçə ailəyə yaxın şəxs ötən gün “Tub Zon”da olub və müəssisənin işçiləri ilə görüşüblər. Onlar bu gün problemin həll olunacağını və vərəmlə bağlı Abbasın heç bir narahatlıq yaşamadan Mərkəzi Müalicə Müəssisəninə köçürüləcəyinə ümid edirdilər. Lakin Abbasın zənginə əsasən onun “Tub Zon”da qalması hələ iki həfdə sürməlidir.