9-cu siniflərin buraxılış imtahanı niyə təxirə salınıb?

Martın 9-da bölgələrdə baş tutacaq 9-cu sinif buraxılış imtahanı təxirə salınıb. 
 
Gəncə, Lənkəran, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağstafa, Ağsu, Bərdə, Biləsuvar, Göygöl, İmişli, Kürdəmir, Lerik, Oğuz, Qazax, Qəbələ, Saatlı, Sabirabad, Samux, Şabran, Şamaxı, Tərtər, Tovuz, Xaçmaz, Yevlax, Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsinin keçirilməsi müvəqqəti olaraq təxirə salınıb.
 
Məlumatı Dövlət İmtahan Mərkəzi (DİM) yayıb.
 
Bundan başqa, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə 9 mart 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulan Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin V sinfinə qəbul imtahanı təxirə salınıb.
 
DİM-in verdiyi açıqlamaya görə, həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə təxirə salınan imtahanın vaxtı 1 həftə öncə elan olunacaq.
 
Azərbaycanda 3 nəfərin koronavirusa yoluxmasından sonra virus təhlükəsinin azaldılması məqsədilə mediada təhsil müəssisələrinin bağlanmasına dair müraciət yayılıb.
 
Bundan sonra 3-9 mart tarixlərində bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəşarət Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, 160 ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb, eyni zamanda digər təhsil müəssisələrində dezinfeksiya işlərinin aparılması davam etdirilir.