7 min tələbə niyə universitetlərdən imtina edib?

7 min tələbə niyə universitetlərdən imtina edib?

Ümman Dəniz  təhsil haqqına görə son illərdə ali təhsilindən imtina edən gənclərdən biridir. 
 
Ümman Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsindəki təhsilindən imtina edib. 
 
O, passiv tələbə olduğuna görə, yəni kəsirləri olduğu üçün 5-ci kursda oxumalı idi. 
 
Özünün dediyinə görə, təhsil haqqını ödəyə bilmədiyi üçün  təhsilini yarımçıq qoymalı olub: "Kəsrlərimi verməli və təhsil haqqımı ödəməliydim, amma alınmadı. Çünki, işsiz idim. Nə vaxtsa, bəlkə yekunlaşdıraram. Hazırda ehtiyacım yoxdur və mənə görə Azərbaycanda, xüsusilə BDU-da təhsil almaq zaman itkisindən başqa bir şey deyil. Qərar vermək asan oldu. Pulun yoxdursa, başqa variant qalmır”.
 
"Ümman kimi son 5 ildə 7000 tələbə təhsil haqqına görə ali təhsilini yarımçıq qoymalı olub".  
 
Bunu təhsil üzrə ekspert Kamran Əsədov yerli mediaya deyib. 
 
Onun sözlərinə görə, hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 160 minə yaxın tələbənin təhsil alır. Tələbələrin 70 faizi öz vəsaiti hesabına, yəni ödənişli əsaslarla, 30 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır. Bir sözlə, hazırda Azərbaycan ali təhsil müəssisələrində 120 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır. 
 
Azərbaycanda təhsil haqqının ödənilməsi ilə bağlı bir sıra həll yolları var. Belə ki, bir çox ali təhsil müəssisələrində təhsil haqqı hissə-hissə olmaqla ildə iki dəfə və ya aylara bölünərək ödənilir. 
 
Bundan başqa, 2016-cı ildən etibarən Təhsil Nazirliyinin təşəbbüsü ilə Maarifçi Tələbə Kredit Fondu fəaliyyət göstərir. Fondun məqsədi təhsil haqqını ödəməkdə əziyyət çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsilə onlara ali təhsil almaqda bərabər imkanlar yaradılmasıdır. 
 
Təhsil üzrə ekspert Kamran Əsədov isə deyir ki, "Maarifçi Tələbə Kredit” Fondu ödənişli əsaslarla təhsil alan 120 min tələbədən təxminən 200 tələbəyə güzəştli şərtlərlə kredit verir.
 
Hazırda Azərbaycanda dövlət universitetlərində ən yüksək təhsil haqqı 6500 manat, ən aşağı təhsil haqqı isə 1000 manatdır.
 
Təhsil məsələri üzrə ekspert Nadir İsrafilov optimal çıxış yolunu dünya təcrübəsində olduğu kimi tələbə kreditlərinin verilməsində görür.  
 
Ekspert Toplum.Tv-yə bildirib ki, Boloniya sistemi tətbiq olunan ölkələrdə tələbələrə 5-6-7% ilə 15-20 illik uzunmüddətli kreditlər verilir: "Bu o deməkdir ki, tələbə o krediti götürür, işə düzəldikdən sonra ödəyir. Bu məsələ dəfələrlə Milli Məclisdə gündəmə gətirilib. Hətta tələbə krediti haqqında qanun qəbul etmək məsələsi də. Maliyyə Nazirliyi və digər qurumlar bunu belə izah edirlər ki, banklar aşağı faizlərlə razılaşmır və krediti 25-35% ilə verirlər. Banklar da qınanmalı deyil. Tələbə nə vaxt universiteti bitirəcək? İşlə təmin olunacaqmı? Krediti ödəyə biləcəkmi? Bu kimi məsələlərdə bankların zəmanəti və təminatı yoxdur”.
 
Nadir İsrafilov  Azərbaycan və dünya universitetlərindəki tələbələrin yaşayış standartlarını da müqayisə edərək tələbə yataqxanalarının əhəmiyyətini vurğulayıb: "Ən aparıcı dünya universitetləri kampus şəraitindədirlər. Tələbələrin yataqxana problemi yoxdur və məişət problemlərindən uzaqdırlar. Azərbaycanda isə tələbə kirayə haqqı ödəməli, müəyyən vəsaitlərə pul xərcləməlidir. Bu istiqamətdə bir çıxış yolu da odur ki, tələbə yataqxanaları istifadəyə verilsin və tələbələr kirayə haqqından azad olsunlar. Bu sahədə də problemlər var. Ayrı-ayrı universitetlərin yataqxanalarına qaçqın və məcburi köçkün ailələri yerləşdirilib. Əsas odur ki, bu istiqamətdə işlər davam edir. Bakı şəhərinin mərkəzində böyük tələbə yataqxanası tikilir”.
 
"Təhsil təkcə dövlət iş deyil, həm də ümumxalq işidir” deyən Nadir İsrafilov vurğulayıb ki,  iş adamları və universitetlərin tələbələrin təhsil haqqına yardım etməsi məsələni qismən həll edə bilər: "Ölkəmizdə bəzi universitetlərdə təhsil haqqına müəyyən güzəştlər olunur. Dünya ölkələrində iş adamları və sahibkarlar tələbələrin təhsil haqqlarına yardım edirlər. Yaxşı olar ki, bizim iş adamlar və sahibkarlar da bu sahəyə öz dəstəklərini göstərsinlər”.

Facebook