“3,5% qaydası”: Kiçik azlıqlar dünyanı necə dəyişə bilir

Qeyri-zorakı etirazların uğur qazanma ehtimalı silahlı qarşıdurmalarla müqayisədə iki dəfə çoxdur və əhalinin bu etirazlarda iştirak edən 3,5%-i həmişə dəyişikliyə nail ola bilib. 1986-cı ildə milyonlarla filippinli dinc etiraz və dua etmək üçün “Xalq Gücü” hərəkatı çərçivəsində Manila şəhərində küçələrə axışdı. Nəticədə, Markos rejimi etirazların dördüncü günündə devrildi.

2003-cü ildə Gürcüstan xalqı Eduard Şevardnadzeni hakimiyyətdən əllərində qızılgüllərlə parlamentə daxil olaraq uzaqlaşdırdı, bu hadisə də tarixdə  “Qızılgül İnqilabı” kimi tanınır. Bundan əlavə dinc müqavimətlər sağ olsun, 2019-cu ildə uzun müddətdir vəzifədə olan həm Sudanın, həm də Əlcəzayirin prezidentləri istefa verdi.

Hər bir halda, cəmiyyət üzvlərinin sıravi vətəndaş kimi müqaviməti siyasi elitanı köklü dəyişikliklər etməyə məcbur etdi. Şübhəsiz ki, qeyri-zorakı etirazları tətbiq etməkdə bir neçə etik səbəb var. Lakin, Harvard Universitetinin politoloqu Erika Çenovet apardığı araşdırma ilə təsdiq edir ki, vətəndaş itaətsizliyi yalnız əxlaqi və ya mənəvi seçim deyil, həm də dünya siyasətinin formalaşmasında açıq-aşkar ən təsirli üsuldur.

Çenovet ötən əsrdə baş tutmuş yüzlərlə siyasi kampaniyanı nəzərdən keçirərək qeyri-zorakı kampaniyaların zorakı olanlarla müqayisədə iki dəfə daha çox uğur qazandığını müəyyənləşdirib. O qeyd edir ki, mövcud etirazlar bir neçə faktordan asılı olsa da əhalinin 3,5%-nin etirazlarda aktiv iştirakı ciddi siyasi dəyişikliyi təmin edir.

Çenovetin təsirini elə bu gün təşkilatçılarının birbaşa onun araşdırmalarından ilham aldığını dediyi Tükənmə Üsyanı (Extinction Rebellion)  hərəkatının etirazlarında görmək olar.

Tükənmə Üsyanı. Paris, Fransa. Foto: Getty Images

 

Bəs Çenovet bu qənaətə necə gəlib?

Deməyə ehtiyac yoxdur ki, Çenovetin araşdırması tarix boyu bir çox nüfuzlu şəxslərin fəlsəfəsinə əsaslanır. Köləliyin ləğvi tərəfdarı olan Afrika-Amerikalı Socuner Trut, seçki hüququ müdafiəçisi Suzan B. Entoni, Hindistanın müstəqillik fəalı Mahatma Qandi və ABŞ-ın vətəndaş hüquqları müdafiəçisi Martin Lüter Kinq dinc etirazın gücü uğrunda iddia irəli sürüblər.

Çenovet etiraf edir ki, ilk dəfə 2000-ci illərin ortalarında tədqiqat işlərinə başlayanda, qeyri-zorakı hərəkatın əksər hallarda silahlı qarşıdurmadan daha güclü ola biləcəyi fikri ilə bağlı ümidsiz olub. Vaşinqtonda əsası qoyulan Beynəlxalq Qeyri-Zorakı Münaqişələr Mərkəzi (ICNC) adlı qeyri-kommersiya qurumunun elmi seminarında Kolorado Universitetinin doktorantı kimi iştirak etmək üçün dəvət alanda o, terrorun artmasına səbəb olan amilləri öyrənmək üçün illərini həsr etmişdi. Həmin seminarda uzun müddət davam edən və siyasi dəyişikliyə səbəb olan dinc etirazların diqqət cəlb edən bir çox cəhətləri, o cümlədən Filippindəki “Xalq Gücü” etirazları təqdim edilib. Lakin heç kimin qeyri-zorakı və zorakı etirazları müqayisə etməməsi Çenoveti təəccübləndirib; bəlkə də bu mövzu ilə bağlı araşdırmalar bir növ bunu təsdiqləmə meyli ilə edilib.

"Qeyri-zorakı müqavimətin cəmiyyətdə önəmli dəyişikliklərə nail olmaq üçün uğurlu bir yol ola biləcəyinə həqiqətən bir az şübhə ilə yanaşırdım"

 o qeyd edir.

ICNC-nin tədqiqatçısı Mariya Stefan ilə birlikdə işləyən Çenovet, 1900-cü ildən 2006-cı ilə qədər olan sivil vətəndaş müqavimətləri və ictimai hərəkatlarla əlaqədar ədəbiyyatın köməyi ilə geniş bir araşdırma apardı, daha sonra isə bu yeni icmalı eyni sahədə işləyən ekspertlər də təsdiqlədi. Onlar ilk növbədə rejim dəyişikliyini ərsəyə gətirmək cəhdlərini nəzərdən keçirdilər. Hərəkat baş tutduğu bir il ərzində fəaliyyətinin birbaşa nəticəsi olaraq hədəflərinə tam çatıbsa, uğurlu hesab edilirdi. Əlavə olaraq, xarici hərbi müdaxilə nəticəsində baş tutan rejim dəyişikliyi uğurlu qəbul edilmirdi. Bu arada, bombalanma, adam oğurluğu, infrastrukturun dağıdılması, insanlara və ya əmlaka hər hansı digər fiziki zərər vurulduğu təqdirdə etiraz aksiyası zorakı sayılırdı.

"Biz strategiya kimi qeyri-zorakı müqavimət üçün olduqca çətin sınaq tətbiq etməyə çalışırdıq", - deyə Çenovet diqqətə çatdırır.

 

(Meyarlara o qədər dəqiq və ciddi yanaşılırdı ki, Hindistanın müstəqillik hərəkatı Çenovet və Stefanın analizlərində qeyri-zorakı etirazların lehinə dəlil kimi qəbul edilmirdi – buna səbəb isə hətta etirazların özünün də böyük təsiri olduğu halda, İngiltərənin hərbi resurslarının azalmasının həlledici amil olmağıdır)

Bu prosesin nəticəsində onlar 323 zorakı və qeyri- zorakı kampaniyadan məlumat topladılar. Əldə olunanlar “Niyə mülki müqavimət nəticə verir: Qeyri-zorakı qarşıdurmanın strateji məntiqi” kitabında çap olundu.

Birliyin gücü

Ümumilikdə qeyri-zorakı kampaniyaların uğur qazanma şansı zor tətbiq edilmiş kampaniyalardan iki qat çoxdur və 53%-nin siyasi dəyişikliyə səbəb olduğu göstərilir, halbuki bu göstərici eyni zaman müddəti üçün zorakı etirazlarda 26%-dir.

Bu, qismən birliyin gücünə də aiddir. Çenovet qeyri-zorakı kampaniyaların uğur qazanma ehtimalının daha çox olduğunu iddia edir, çünki onlar daha geniş demoqrafiyadan daha çox iştirakçını cəlb edə bilər ki, bu da gündəlik  şəhər həyatını və cəmiyyət fəaliyyətini iflic edən ağır iflasla nəticələnə bilir.

Sübut isə araşdırdığı 25 ən böyük kampaniyanın 20-sinin qeyri-zorakı olması və bunlardan 14-nün açıq-aşkar uğurla nəticələnməsi idi. Ümumilikdə, orta hesabla qeyri-zorakı etirazlar (200 000) zorakılıq ehtiva edən kampaniyalardan (50 000) dörd dəfə çox iştirakçı cəlb edib. Məsələn, Filippində Markos rejiminə qarşı “Xalq Gücü” kampaniyası iki milyon iştirakçını, 1984-85-ci illərdə baş tutan Braziliya üsyanı bir milyon, 1989-cu ildə Çexslovakiyadakı “Məxməri İnqilab” 500 000-dək iştirakçı cəlb etmişdi.

 

"Rəqəmlər hakimiyyətə və ya işğalçılara müəyyən mənada ciddi problem və təhlükə yaradan güc formalaşdırmaq üçün həqiqətən əhəmiyyət daşıyır və zorakı olmayan etirazlar daha çox insanın dəstəyini almağın ən yaxşı yoludur", - Çenovet bildirir.

Ümumi əhalinin təxminən 3,5% -i fəal iştirak etməyə başlayandan sonra uğurun qaçılmaz olduğu görünür.

“Xalq Gücü” hərəkatından başqa, Estoniyada “Nəğmə İnqilabı” və Gürcüstanda “Gül İnqilabı” da 3,5% həddinə çatmışdı.

Çenovet deyir ki, pik həddə çatdığı əsnada 3,5% etirazçının iştirakı baş tutandan sonra uğursuzluqla nəticələnən bir kampaniya olmayıb və bu fenomeni “3,5% qaydası” adlandırır. “Xalq Gücü” hərəkatından başqa, 1980-ci illərin sonlarında Estoniyada “Nəğmə İnqilabı” və 2003-cü ilin əvvəllərində Gürcüstanda “Qızılgül İnqilabı” da daxil olmaqla hamısı bu qaydanı təsdiqləmişdi.

Çenovet əvvəlcə əldə etdikləri nəticədən təəccübləndiyini etiraf edir, amma indi o, qeyri-zorakı etirazların bu qədər böyük dəstək görə biləcəyinə dair bir çox səbəbə istinad edir. Bəlkə də ən əsasız zorakı etirazlar qan tökülməyinə nifrət edən və qorxan insanları uzaqlaşdırır, halbuki dinc etirazçılar mənəvi üstünlük zəminini qoruyur.

Çenovet qeyri- zorakı etirazlara qoşulmaq üçün hər hansısa fiziki əngəlin olmadığını vurğulayır. Etiraza qoşulmaq üçün idmançı bədəninə malik olmağınız və ya tam sağlam olmağınız lazım deyil, halbuki zorakı kampaniyalar adətən fiziki cəhətdən uyğun, güclü gənc kişilərin dəstəyinə söykənir. Qeyri-zorakı etiraz aksiyalarının bir çoxunun da ciddi riski var – 1989-cu ildə Çinin Tiananmen Meydanında olanlara verilən fikirləşin. Çenovet hesab edir ki, qeyri-zorakı təşviqatları ümumiyyətlə açıq şəkildə müzakirə etmək daha asandır ki, bu da onlar barədə xəbərlərin daha geniş auditoriyaya çatmağını təmin edir. Zorakı hərəkatlar isə əksinə, silah tədarükü tələb edir və ümumi əhaliyə çatmaq üçün daha gizli yeraltı əməliyyatlar keçirməyə meyillidir və bu özü də kifayət qədər çox problem yaradır.

 

Qeyri-zorakı kampaniyalar əhali ilə yanaşı hökumətin nizam-intizamı təmin etmək üçün dəstəklədiyi qruplar – polis və hərbi qüvvələrin də dəstəyini qazanır. Təhlükəsizlik qüvvələri milyonlarla insanın dinc küçə etirazı zamanı öz ailə üzvləri və ya dostlarının da izdihamın içində ola biləcəyindən ehtiyat edərək etirazçılara qarşı zor tətbiq etməkdən çəkinə bilər.

 

"Və ya etirazçıların çox olduğunu görüb, gəminin batdığını və əslində onlar özü də bu batan gəmidə olmaq istəmədiklərini başa düşürlər"

Çenovet deyir.

Çenovet hesab edir ki, qeyri-zorakı kampaniyalarda tətbiq olunan xüsusi strategiyalar baxımından ümumi etiraz tətilləri zorakı olmayan müqavimətin yəqin ki, ən güclü üsullarınnan biri və ya elə ən güclüsüdür. Lakin bu üsulun fərdi olaraq bədəli var, halbuki digər etiraz formaları tamamilə anonim qala bilir. O, Cənubi Afrikada aparteid dövründə olan istehlakçı boykotuna işarə edir ki, bir çox qaradərili vətəndaşın sahibi ağdərili olan şirkətlərdən məhsul almaqdan imtina etmişdi. Nəticədə, 1990-cı illərin əvvəllərində, ölkənin ağdərili elitası arasında yaranan iqtisadi böhran irqi ayrı-seçkiliyin bitməsinə səbəb oldu.

 

"Silahlı fəaliyyətlə müqayisədə, etirazçıların sayı artdıqca insanlara fiziki təhlükə yaratmayan dinc müqavimətə qoşulmaq üçün daha çox seçim var. Həmçinin zorakı olmayan müqavimət üsulları daha tez-tez nəzərə çarpdığı üçün insanların bu aksiyalarda birbaşa iştirakı və izdihamın dağıdılmaması üçün necə koordinasiyalı hərəkət etməli olduqlarını öyrənmələri asanlaşır".

 

Sehrli rəqəm?

Əlbəttə, bunlar çox ümumi nümunələrdir və zorakı qarşıdurmalardan iki dəfə çox uğurlu olsa da dinc müqavimətlərin 47%-i hələ də uğursuzluğluqla nəticələnir. Çenovet və Stefan öz kitablarında da qeyd etdikləri kimi, “rəqibin güc bazasını aşmaq və repressiyalar qarşısında dayanıqlığı qorumaq” üçün heç vaxt kifayət qədər dəstək və təkan qazana bilməməkləri bəzən uğursuzluğa səbəb olur. Lakin nisbətən böyük bəzi qeyri-zorakı etirazlar, məsələn, 1950-ci illərdə Şərqi Almaniyada kommunist partiyasına qarşı yönələn və 400 min üzvünü, yəni əhalinin təxminən 2% -ni cəlb etsə də etirazlar uğursuz oldu və dəyişiklik baş tutmadı.

Çenovetin məlumat toplusunda qeyri-zorakı etirazlarda müvəffəqiyyətin zəmanətliliyi aktiv iştirakçı sayının 3,5%-ə  çatması ilə verilir və bundan sonra artan iştirakçı sayı çox böyük əhəmiyyət daşımır. İngiltərədə bu, 2,3 milyon iştirakçı deməkdir (Böyük Britaniyanın ikinci böyük şəhəri olan Birmingem ilə müqayisədə iki dəfə çox), ABŞ-da isə 11 milyon vətəndaşa bərabərdir və bu rəqəm Nyu-York şəhərinin ümumi əhalisindən çoxdur.

Lakin qeyri-zorakı kampaniyaların bu növ etirazların yeganə etibarlı yolu olduğu hələ də fakt olaraq qalır.

 

Çenovet və Stefanın ilkin araşdırması birinci dəfə 2011-ci ildə nəşr olundu və aşkar olunan faktlar həmin vaxtdan etibarən çox diqqət cəlb etməyə başladı. Notre Dame Universitetində sivil vətəndaş müqavimətini araşdıran Metyu Çandler isə deyir:

Onların bu tədqiqat mövzusunda nə qədər böyük təsirinin olduğunu izah etmək çətindir.

Kopenhagen Universitetində beynəlxalq münaqişələri tədqiq edən İzabel Bramsen, Çenovet və Stefanın əldə etdiyi nəticələrin inandırıcı olduğunu düşünür.

Zorakı olmayan yanaşmaların zorakılarla müqayisədə daha uğurlu olacağı müəyyən bir həqiqətdir.

o əlavə edir

“3.5% qaydası”na istinad edərək, o, qeyd edir ki, 3.5%  azlıq olsa da, bu cür aktiv iştirak etmə daha çox insanın da motivi dəstəkləməsinə səbəb olur .

Hazırda isə bu tədqiqatçılar bir hərəkatın müvəffəqiyyətinə və ya uğursuzluğuna səbəb olacaq amilləri daha yaxşı aydınlaşdırmağa çalışırlar. Məsələn, Bramsen və Çandler hər ikisi nümayişçilər arasında birliyin əhəmiyyətini qeyd edir.

Nümunə olaraq Bramsen 2011-ci ildə Bəhreyndəki uğursuz qiyamı göstərir. Əvvəlcə kampaniya çoxlu sayda etirazçı cəlb etsə də, tezliklə izdiham fərqli dəstələrə bölündü. Bramsen düşünür ki, mövcud birliyin parçalanması hərəkatın kifayət qədər güclənib dəyişikliyə vəsilə ola bilməməsinin başlıca səbəb oldu.

Çenovetin marağı son zamanlarda ona daha yaxın etirazlara yönəlib – Black Lives Matter hərəkatı və 2017-ci ildə “Qadınların Yürüşü”. O, son zamanlarda isveçli fəal Qreta Tunberqin iştirakı ilə populyarlaşan “Tükənmə Üsyan” hərəkatı ilə də maraqlanır. “Onlar bu səviyyədə fəaliyyətsizliyə qarşıdırlar, amma düşünürəm ki, tam düşünülmüş və strateji məqsəd var. Görünən odur ki, onlar həm də qeyri-zorakı müqavimət kampaniyasını necə inkişaf etdirməli və öyrətməli olduqlarını bütün düzgün instinktlərlə bacarırlar.”

Nəticə etibarilə, o, tarix kitablarımızda müharibələrə bu qədər diqqət cəlb etməkdənsə, zorakı olmayan kampaniyalara əhəmiyyət verilməyini arzulayır. “Bir-birimizə danışdığımız tarixlərin bir çoxu zorakılığa köklənib və ümumiyyətlə bunların tamamilə fəlakət olmasına baxmayarq biz yenə də içərisindən qələbələr tapmağa çalışırıq. Biz hələ də dinc etirazın müvəffəqiyyətinə göz yummağa meyilliyik”.

Sadə vətəndaşlar hər zaman əslində dünyanı dəyişə biləcək qəhrəmanlıq fəaliyyəti ilə məşğul olur və şübhəsiz ki, diqqətə və qiymətləndirilməyə layiqdirlər.

Mənbə: BBC Future
Tərcümə: Çinarə Kazımlı