3 yaşlı Zəhranı oğurlayan qadının məhkəməsi başlayır

Bakıda üç yaşlı Zəhra Bağırovanı oğurlamaqda təqsirləndirilən Tərgül Nəzərovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib, cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

Hakim Novruz Kərimovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında baş verib. Üç yaşlı Zəhra Bağırzadə Sabunçu rayonunda itkin düşüb. Hadisə günü valideynləri Zəhranı evin böyük övladının yanında qoyaraq işə gediblər. Azyaşlı nəzarətsiz qalaraq evdən çıxıb və itkin düşüb. Onun valideynləri bu barədə polisə məlumat veriblər. İki gün sonra azyaşlı paytaxtın Nizami rayonu ərazisində tapılıb. Uşaq tapılan zaman onu oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, 1980-ci il təvəllüdlü Nəzərova Tərgül Şükür qızı da saxlanılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayəti törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Nəzərova Tərgül Şükür qızı şübhəli şəxs qismində saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.