2021-ci ildə Azərbaycanda medianın durumu

Azərbaycanda 2021-ci ildə media azadlığı sahəsində müsbət addımlar atılmayıb. Bir sıra hallarda media azadlığı ilə bağlı mənfi tendensiyalar yer alıb. Ölkədə ənənəvi media sahəsində plüralizmi yoxdur.

Müstəqil ekspertlər media azadlığı üzrə 2021-ci ilin yekunlarını Amerikanın Səsinə belə xarakterizə edib.

Rəsmi qurumlar isə ölkədə media azadlığının tam təmin edildiyini, plürailzm üçün hər cür şəraitin yaradıldığını bildirir.

Media ilə bağlı monitorinqlərə görə, son bir ildə böhtan və təhqirə bağlı iyrimidən çox jurnalist məhkəməyə verilib. Jurnalistlərə qarşı otuzdan çox insident qeydə alınıb. Ölkənin iki jurnalisti münaqişə bölgəsində mina partlayışı nəticəsində həlak olub.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, media azadlığı sahəsində durum ağır olaraq qalır.

 

Onun firkincə, jurnalstlərə qarşı təzyilqər davam edir, medianın iqtisadi durumu ürəkaçan deyil.

Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli bildirib ki, il ərzində media sahəsində qanunvericilik bazasında dəyişiklikər olmasa da, Medianın İnkişafı Agentliyinə bəzi məhdudlaşdırıcı icra funksiyaları verilib.

Məmmədli media ilə bağlı yeni qanun layihəsinin olması barədə məlumatlardan da danışıb. Amma həmin layihənin mövcud olub-olmaması hələ məlum deyil.

 

Ekspert hesab edir ki, 2021-ci ildə Azərbaycan media azadlığı ilə bağlı beynəlxalq öhdəlikləri sahəsində də pozitiv addımlar atmayıb.

Nəcəf Nəcəfov Fondunun icraçı direktoru Şahin Hacıyevin qənaətincə, nəinki 2021-ci ildə, ümumiyyətlə son 20 ildə media azadlığı sahəsində pozitiv addımlar atılmayıb.

“Ölkədə media sahəsi biznes növü kimi formalaşmayıb.”

Ekspert hökuməti tənqid edən beynəlxalq media qurumlarının ofislərinin bağlandığını bildirib. Onun sözlərinə görə, beynəlxalq media qurumlarının tənqidçi jurnalistləri də ölkəyə buraxılmır.

 

Bəs media azadlığı sahəsində problemlərin aradan qaldırılması üçün hansı addımlar atımalıdır?

Mehman Əliyev hesab edir ki, media azadlığı sahəsində islahatların dərinləşməsi siyasi iradədən asılıdır.

“Bu isə hələ görünmür.”

Media hüquqları üzrə ekspert Ələsgər Məmmədlinin fikrincə, böhranın aradan qaldılması üçün ilk növbədə ictimai müzakirələrdən keçən və beynəlxalq öhdəliklərə cavab verən qanun qəbul edilməlidir.

Azərbaycanda hazırda 9 milli televiziya, 25 radio kanalı, 30-dan çox gündəlik qəzet var. Ümumilikdə rəsmi olaraq 3500 nəşr var.

 

amerikaninsesi