20 gün əvvəl həbsdən buraxılan daha bir AXCP fəalı saxlanılıb

Masallıda saxlanılan Ruslan Əmirov Qaradağa gətirilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirov saxlanılıb. Bu barədə Meydan TV-yə partiyadan verilən məlumatda bildirilir ki, R.Əmirov Masallı rayonunda tutulub. Amma oradan Bakıya – Qaradağ rayonu, 11 saylı polis bölməsinə gətirilib.

R.Əmirov karantin rejimi dövründə ilk həbs olunan cəbhəçilərdən idi. O, aprelin 9-da övladını həkimə apararkən saxlanmış, 30 sutka həbs cəzası verilmişdi. AXCP fəalı mayın 9-da azadlığa buraxılmışdı.

“Ruslan Əmirov Masallı rayonundandır. Bir müddət idi ki, rayondaydı. Elə Masallının mərkəzindən yoxa çıxıb. Saxlanılanda imkan tapıb, dostlarından birinə mesaj yazıb ki, onu sahə müvəkkilinin maşınına oturdub apardılar. Ondan sonra telefonuna zəng çatmayıb. Axşamüstü xəbər aldıq ki, 11-ci polis bölməsindədir”, - deyə partiyadan bildirilib.

Ə.Kərimlinin köməkçisi, mayın 8-də 30 sutkalıq inzibati həbsdən buraxılan Faiq Əmirli də mayın 25-də yenidən həbs olunub. Həyat yoldaşı Lalə Əmirlinin bildirdiyinə F.Əmirli Ramazan bayramı ilə əlaqədar valideynlərinin məzarını ziyarət etmək üçün Sabirabada gedib. Oradakı evlərində olarkən polislər onu söhbət etmək adıyla çağırıb. Bir neçə saat sonra isə xəbər gəlib ki, F.Əmirliyə Sabirabad rayon Məhkəməsinin qərarıyla 15 sutka inzibati həbs cəzası kəsilib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə təqsirli bilinib.

Son iki ayda AXCP-nin 30-dan artıq fəalı həbs olunub. Onların əksəriyyətinə 30 sutka inzibati həbs cəzası kəsilsə də, üç nəfər cinayət məsuliyyətinə cəlb edilib. AXCP Salyan şöbəsinin fəalı Zamin Salayev rayondakı qadına təcavüzdə ittiham olunan polis əməkdaşı haqda videonu yaydığına görə 2 il 3 ay azadlıqdan məhrum edilib. Partiyanın Xətai şöbəsinin fəalı Səid Məmmədzadə xuliqanlıqda təqsirləndirilərək, barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O, avtoyuma məntəqəsində bir vətəndaşa bıçaqla xəsarət yetirməkdə ittiham edilir. Amma sosial şəbəkələrdə yayılan videoda həmin şəxsin heç bir xəsarət almadan, hətta əlbəyaxa olmadan avtomobilinə əyləşib getdiyi görünür.

Ə.Kərimlinin ictimai əsaslarla daha bir mühafizəçisi Niyaməddin Əhmədov da 30 sutkalıq inzibati həbsdə idi. Onun cəzası mayın 15-də başa çatsa da, azadlığa buraxılmayıb. Üç gün sonra məlum olub ki, N.Əhmədovun da barəsində cinayət işi başlanıb, ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsilə ittiham irəli sürülüb.

AXCP bütün bunların partiyaya qarşı repressiyaların davamı olduğunu bəyan edib.

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, bu şəxslərin hamısı konkret qanun pozuntularına görə məsuliyyətə cəlb edilib.