15 sentyabr Bakının bolşevik-daşnak hakimiyyətindən azad edildiyi gündür

Bu gün Bakının “Mərkəzi Xəzər diktaturası” (Sentrokaspi diktaturası) eser-menşevik hökumətinin qoşunlarından, erməni Daşnaksütyun Partiyasının və ingilis ekspedisiya qruplaşmasının silahlı dəstələrindən azad edilməsinin 102 ili tamam olur.

15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyəti (1918-20-ci illər) milli ordusunun hissələri Bakını düşmən qüvvələrinin işğalından azad ediblər

Bundan sonra 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan etdiyi hökumət Gəncədən Bakıya köçüb.

Bakının azad edilməsi uğrunda gedən döyüşlərdə minə yaxın türk əsgər və zabiti, beş min Azərbaycan vətəndaşı həlak olub.

Bakıda hakimiyyətin AXC hökumətinin əlinə keçməsinə baxmayaraq, Qarabağ daşnakların nəzarəti altında qalmışdı. Həmin bölgəyə Qafqaz İslam Ordusunun hissələri göndərilib, Nuri Paşa isə hissələrə yerində rəhbərlik etmək üçün Ağdama yola düşmüşdü. Onun rəhbərlik etdiyi ordu tezliklə Şuşaya daxil olaraq şəhərin üzərində Azərbaycan bayrağını qaldırmışdı.

Əlamətdar tarix münasibətilə ötən gün və bu gün ictimaiyyət nümayəndələri, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları Şəhidlər Xiyabanını və Bakıdakı türk əsgərlərinin Memorialını ziyarət ediblər.

Eyni zamanda bu gün polis Demokratik Qüvvələrin Milli Şurasının aksiyasına mane olub. AXCP lideri Əli Kərimlinin çıxışı zamanı polis Milli Şuranın üzvlərini və tərəfdarlarını Memorialdan sıxışdırmağa başlayıb.

Ə.Kərimli qarşıdurmadan qaçmaq üçün tərəfdarlarını münaqişəyə getməməyə çağırıb. O 1918-ci ildə Bakının azad edildiyi kimi, Qarabağı da azad etmək üçün Azərbaycan dövlətinə güclü olmağı arzuladığını söyləyə bilib.

 Tarixi günlə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib. Məktubda qeyd olunur ki, 102 il bundan öncə Qafqaz İslam Ordusu iki ölkə xalqları arasında qardaşlığın təməlini qoyub və bu gün də davam edir.

Türkiyə əvvəlkitək Azərbaycanla birlikdədir, R.T.Ərdoğan qeyd edib.