10 şəhər və rayonda karantin sərtləşdirildi: 190 manat ödəmə veriləcək

Sanitar-epidemioloji vəziyyəti nəzərər alaraq Azərbaycanın müxtəlif şəhər və rayonlarında xüsusi karantin rejiminin yeni qaydaları tətbiq edilib.
 
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir. 
 
Qərara əsasən, noyabrın 7-dən saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində aşağıdakı sahələr istisna olmaqla, digər sahələr və istiqamətlərdə fəaliyyət dayandırılır:
 
Qərara əsasən, aşağıdakı sahələr istisna olmaqla, digər sahələr və istiqamətlərdə fəaliyyət dayandırılır:
 
- hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;
- digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti (Nazirlər Kabineti tərəfindən müəyyən edilən say həddi çərçivəsində);
- səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;
- kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları);
- yük daşımaları və logistika xidmətləri;
- fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;
- kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı fəaliyyəti;
- apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;
- kütləvi informasiya vasitələrinin fəaliyyəti;
- maliyyə təşkilatlarının (bank, sığorta və s.) fəaliyyəti;
- mühafizə xidmətləri.
 
İşsiz şəxslərə 190 manat veriləcək
 
Qərargahın məlumatına görə, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisi üzrə işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi tapşırılıb.
 
Operativ Qərargah 10 şəhər və rayonun sakinlərinə müraciə edib və sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının sakinlərinə müraciət edərək evdə qalmağı tövsiyə edib: "Nazirlər Kabineti yanında Operativ Qərargah yuxarıda sadalanan şəhər və rayonların sakinlərinə ciddi şəkildə evdə qalmağı tövsiyə edir, karantin rejiminin qaydalarına əməl etməyə çağırır".
 
İctimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaq
 
Qərarda bildirilib ki, noyabrın 7-i saat 00.00-dan dekabrın 1-i saat 06.00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərinin, Ağstafa, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı,  İsmayıllı, Quba və Xaçmaz rayonlarının inzibati ərazisinə giriş-çıxış dayandırılır. Bu vaxtadək həmin inzibati ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti yalnız həftə sonları dayandırılırdı. 
 
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi də məlumat yayıb
 
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonları üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) veriləcək.
 
Bu açıqlamanı isə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yayıb: "Adıçəkilən şəhər və rayonlar üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra həmin məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək”.
 
Bildirilib ki, birdəfəlik ödəmənin 100 mindən çox şəxsi əhatə edəcəyi proqnozlaşdırılır. Ödəmənin verilməsinə başlanarkən bu barədə əlavə məlumat veriləcək: "Vəsait birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara sms vasitəsilə rəsmi bildiriş göndəriləcək”.
 
2020-ci ilin aprel-may aylarında işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min şəxsə, habelə sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3 və 4-cü dəfə birdəfəlik ödəmələr verilib və bu məqsədlə ümumilikdə 332 milyon manat sərf olunub.